etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam
etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 272-VQ
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin
davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti,
bərabərlik, hər iki dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsipləri və qarşılıqlı faydaya əsaslanan iqtisadi və texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yönələn qarşılıqlı səyləri rəhbər tutaraq,
iki dövlət arasında mövcud xxxx əlaqələrin qarşılıqlı hörmət, anlaşma və mehriban qonşuluq əsasında inkişaf etdirilməsindən çıxış edərək,
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında 20 may 2002-ci ildə imzalanmış (30 ordibeheşt 1381-ci il) Müqaviləni, Sovet-İran sərhədinin rejimi və sərhəd münaqişələrinin və insidentlərinin tənzimlənməsi qaydaları haqqında 14 may 1957-ci ildə imzalanmış Müqavilənin müddəalarını rəhbər tutaraq və 11 avqust 1957-ci ildə imzalanmış (20 mordad 1336-cı il) İran-Sovet arasında Araz və Ətrak çaylarından bərabər istifadə barədə Müqaviləni və 2 iyul 1994-cü ildə imzalanmış Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında Memorandumu nəzərə alaraq,
“Xudafərin” və “Qız qalası” hidroqovşaqları barədə hər iki Tərəf arasında əldə olunan bütün razılaşmaları təsdiq edərək və “Xudafərin” və “Qız qalası” hidroqovşaqları boyu Araz çayının sərhədyanı hissələrinin bütün su və enerji ehtiyatlarına hər iki Tərəfin bərabər hüququndan çıxış edərək,
İran Tərəfinin gördüyü işlərə və fəaliyyətə əsaslanaraq, “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsinin və başa çatdırılmasının vacibliyini qeyd edərək,
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsində və istismarında hər iki Tərəfin suverenliyinin vacibliyindən çıxış edərək,
BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq,
müştərək sərhədlərin və elektrik enerjisinin ötürülməsi sahəsində əməli tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini nəzərə alaraq,
Tərəflərin mütəxəssislərinin nəzarəti ilə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının kompleks tikintisinin davam etdirilməsinin tezləşdirilməsi zəruriliyini vurğulayaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.
İran Tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu Saziş əsasında aparır.
Hidroqovşaqların və su elektrik stansiyalarının istismarı, mühafizəsi, saxlanılması, energetika və su ehtiyatlarından istifadəsi bu Sazişin müddəalarına uyğun olaraq həyata keçirilir.
Maddə 2
Tərəflər maddə 1-də göstərilən vəzifələrin icrası məqsədilə Birgə Texniki Komissiya yaradırlar. Həmin Komissiyanın vəzifələri aşağıdakılardır:
a) görülmüş işləri əks etdirən layihələrin faktiki vəziyyətlə uyğunluğunun dəqiqləşdirilməsi;
b) hidroqovşaqların tikintisi sahəsində görülmüş işlərin həcmlərinin hesablanmasının yoxlanılması və ona nəzarət edilməsi;
c) tikinti işlərinin mövcud vəziyyətinin müəyyən edilməsi və icra işlərinin sürətləndirilməsi;
d) tikintiyə aid xxxx xərclər və tariflər barəsində ilkin razılaşmalar nəzərə alınaraq tikinti işlərinin qiymətinin müəyyən olunması və aidiyyəti orqanlara məlumat verilməsi;
e) hidroqovşaqların tikintisi nəticəsində dəymiş ziyanın ilkin razılaşmalar çərçivəsində müəyyən olunması və razılaşdırılması;
f) Araz çayının su və enerji ehtiyatlarından istifadə üzrə Daimi Komissiya ilə Araz çayı üzərində tikilmiş hidroqovşaqların və su elektrik stansiyalarının (“Araz”, “Xudafərin”, “Qız qalası”, “Mil-Xxxxx”) istismarı və saxlanması üzrə vahid rejimin və Təlimatın hazırlanması sahəsində əməkdaşlıq;
g) “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı və saxlanılması ilə bağlı Təlimatların hazırlanması (adi şəraitdə və təbii fəlakətlər zamanı).
Maddə 3
Tərəflər bu Müqavilənin qüvvəyə minməsindən sonra maksimum bir ay ərzində maddə 2-də göstərilmiş Birgə Texniki Komissiyanın tərkibi haqqında diplomatik kanallar vasitəsilə bir-birinə məlumat verəcəklər.
Birgə Texniki Komissiyanın iclaslarının keçirilmə yeri, zamanı və onun gündəliyi diplomatik kanallar vasitəsilə razılaşdırılacaqdır.
Birgə Texniki Komissiyanın fəaliyyəti üzrə səlahiyyətli orqanlar Azərbaycan Respublikası tərəfindən Energetika Nazirliyi və İran İslam Respublikası tərəfindən Enerji Nazirliyidir.
Maddə 4
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə əlaqədar Tərəflərin payına düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikasının payına düşən hissəsinin İran Tərəfinə həmin hidroqovşaqların Azərbaycan Tərəfinin mülkiyyətində xxxx xx elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və ya digər vasitələrlə ödənilməsi metodikası Birgə Texniki Komissiyanın fəaliyyətə başlamasından on səkkiz ay müddətində razılaşdırılaraq hər bir ölkənin səlahiyyətli orqanlarına təqdim olunacaqdır. Zərurət yarandığı təqdirdə, Tərəflərin razılığı ilə bu müddət uzadılacaqdır.
“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi ilə bağlı Tərəflərə dəyən ziyan qarşılıqlı hesablaşmalarda nəzərə alınacaqdır.
Maddə 5
Hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət bərabər şəkildə Tərəflərin üzərinə düşür. İran İslam Respublikası mövcud şəraitdə, BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək, bu məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz üzərinə götürür. Bununla əlaqədar İran Tərəfindən elan olunan müvafiq xərclər Birgə Texniki Komissiya tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Tərəfinin payına düşən hissə İran Tərəfinə ödəniləcəkdir.
Maddə 6
Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir.
Maddə 7
Tərəflərin “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir Tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır.
Hidroqovşaqlar və su elektrik stansiyaları istismara verildiyi tarixdən etibarən, Tərəflər arasında paritet əsasda razılaşdırılmış qaydada İran Tərəfinin “Qız qalası” hidroqovşağından götürdüyü suyun həcminə bərabər miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla Azərbaycan Tərəfi, hidroqovşaqlardan su götürmək imkanı yarananadək Araz çayı üzərindəki “Mil-Xxxxx” və “Bəhramtəpə” hidroqovşaqlarında istifadə edəcəkdir.
Maddə 8
Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər.
Azərbaycan Tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir.
Hər ilin sonunda Azərbaycan Tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaqdır.
Maddə 9
Mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan Respublikası mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İran İslam Respublikasının öhdəsində olacaqdır.
Birgə Texniki Komissiya yuxarıda göstərilən məsələlər üzrə qaydaları müəyyən edəcəkdir.
Maddə 10
Bu Sazişin yuxarıda qeyd olunmuş müddəaları yerinə yetirildikdən və Birgə Texniki Komissiya tərəfindən son hesabat və “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının istismarı üzrə Təlimat və Qaydalar təqdim edildikdən və bu sənədlər hər iki ölkənin səlahiyyətli orqanları tərəfindən təsdiq edildikdən sonra Araz çayının enerji və su ehtiyatlarından (“Araz” və “Mil-Xxxxx” su qovşaqlarından) istifadə üzrə Birgə Daimi Komissiya “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı üzrə Təlimat və Qaydaların icrası üçün də məsuliyyət daşıyacaqdır.
Maddə 11
Tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planını hazırlayacaqlar. İran İslam Respublikası hazırkı şəraitdə qeyd olunan Planın icrasını, fors-major şəraiti istisna olmaqla, birtərəfli qaydada öz üzərinə götürür. Həmin Planın icrasına çəkilən xərclərdə Azərbaycanın payı Birgə Texniki Komissiyada razılaşdırıldıqdan sonra həmin məbləği Azərbaycan Tərəfi İran Tərəfinə ödəyəcəkdir.
Tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər.
Maddə 12
Tərəflər ətraf mühitin qorunması sahəsində maksimum dərəcədə səy göstərəcək və Birgə Texniki Komissiyanın qərarları çərçivəsində bu istiqamətdə müvafiq tədbirlər görəcəklər.
Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının istismarı müddətlərində baş verə biləcək ekoloji təhlükələrin təhlilini aparacaq və onların qarşısının alınması üzrə razılaşdırılmış tədbirlər həyata keçirəcəklər.
Birgə Texniki Komissiya istismar müddətində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının su anbarlarında təbii bioresursların mühafizəsi və onlardan birgə istifadə qaydalarını hazırlayıb razılaşdıracaqdır.
Maddə 13
Tərəflər təbii fəlakətlərin və texnogen halların qarşısının alınması, onunla mübarizə və təsirlərinin azaldılması sahəsində əməkdaşlıq edəcəklər.
Hidrotexniki qurğularda və su elektrik stansiyalarında baş verə biləcək təbii (daşqın, zəlzələ və sair) və texnogen (yanğın, qəza, partlayış, qurğuların uçması və sair) xarakterli fövqəladə halların zərərli təsirlərinin proqnozlaşdırılması, əhalinin bu barədə məlumatlandırılması və fövqəladə halların qarşısının alınması üçün monitorinq və xəbərdarlıq sistemi yaradılacaq və qabaqlayıcı kompleks, tədbirlərin həyata keçirilməsi məqsədilə Birgə Texniki Komissiya tərəfindən birgə fəaliyyət planı hazırlanacaqdır.
Maddə 14
Hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır.
Maddə 15
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olacaq ayrı-ayrı protokollarla rəsmiləşdirilən və 17-ci maddədə nəzərdə tutulan qaydada qüvvəyə minəcək əlavə və dəyişikliklər edilə bilər.
Maddə 16
Bu Sazişin müddəalarının təfsiri və yerinə yetirilməsi zamanı yarana biləcək fikir ayrılıqları Tərəflər arasında anlaşma və əməkdaşlıq mühitində diplomatik danışıqlar və məsləhətləşmələr vasitəsilə həll ediləcəkdir.
Maddə 17
Bu Saziş onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurlarının yerinə yetirildiyi barədə bir-birinə diplomatik kanallar vasitəsilə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdə qüvvəyə minir və qeyri-müəyyən müddətə bağlanılır.
Bu Saziş Tehran şəhərində 23 fevral 2016-cı il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətn əsas götürüləcəkdir.
Azərbaycan Respublikası | İran İslam Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |