SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında
sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,
iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq, ticarət-iqtisadi və xxxx-texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək,
sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,
sənaye mülkiyyəti müəlliflərinin və sahiblərinin hüquqlarının mühafizəsi üçün qarşılıqlı əlverişli şərait yaradılmasının zəruriliyini dərk edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər iştirakçısı olduqları və ya olacaqları bu Sazişə və digər beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı fayda və bərabərlik əsasında ixtiralar, sənaye nümunələri, əmtəə nişanları və sənaye mülkiyyətinin digər obyektlərinin hüquqlarının mühafizəsi və
istifadəsi sahəsində əməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.
Maddə 2
Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:
• sənaye mülkiyyəti obyektlərinin hüquqlarının mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi;
• Gürcüstan iddiaçılarının Azərbaycan Respublikasında və Azərbaycan Respublikası iddiaçılarının Gürcüstanda mühafizə sənədi almaları üçün iddia sənədinin verilməsi və ona baxılması prosedurunun qarşılıqlı şəkildə sadələşdirilməsi;
• Tərəflərin dövlət təhlükəsizliyi mənafelərinə toxunmayan informasiya, normativ aktlar və digər sənədlərin mübadiləsi;
• sənaye mülkiyyətinin mühafizəsi sahəsində Tərəflərin mütəxəssislərinin iş təcrübəsi ilə tanışlıq.
Maddə 3
Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində, eyni hüquqi mühafizə vasitələrindən həmin əsaslarla və o həcmdə
istifadə etməklə, bu digər dövlətin hüquqi aktları ilə onun öz fiziki və hüquqi şəxslərinə hazırda verilmiş və ya veriləcək hüquqlardan və imtiyazlardan istifadə edəcəklər.
Bununla yanaşı, Tərəflər bu Sazişlə tənzimlənməyən məsələlər üzrə 1883-cü il 20 mart tarixində qəbul olunmuş və 1967-ci il 14 iyul tarixində də Stokholmda yenidən baxılmış sənaye mülkiyyətinin mühafizəsi haqqında Paris Konvensiyasının müddəalarını tətbiq edəcəklər.
Maddə 4
Azərbaycan Respublikası və ya Gürcüstanın istənilən fiziki və hüquqi şəxsi, əgər SSRİ- nin müəlliflik şəhadətnaməsi və ya şəhadətnaməsi verilmiş ixtira və ya sənaye nümunəsi üzrə milli patent verilməsi üçün vəsatət verməyə hüququ xxxx şəxs tərəfindən vəsatət qaldırılan günədək həmin ixtiranın, yaxud sənaye nümunəsinin qanuni istifadəsinə başlanmışsa, həmin ixtiradan və ya sənaye nümunəsindən lisenziya müqaviləsi
bağlamadan istifadə etmək hüququnu özündə saxlayır.
Belə halda, göstərilən ixtira və ya sənaye nümunəsinin istifadəsinə görə haqqın ödənilməsi, ərazisində istifadə edilən dövlətin hüquqi aktları ilə müəyyənləşdirilən qaydada həyata keçirilir.
Maddə 5
Tərəflər iqtisadi, sənaye, xxxx və texniki əməkdaşlıq haqqında ikitərəfli sazişlərə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi barədə müddəaların daxil edilməsi ilə bağlı öz üzərlərinə öhdəlik götürürlər.
Maddə 6
Mühafizə sənədlərinin alınması üçün iddia sənədlərinin verilməsi, mühafizə sənədlərinin alınması və onların qüvvədə saxlanması ilə əlaqədar hər iki dövlətin patent müvəkkilləri qarşılıqlı prinsip əsasında, yalnız milli iddiaçıların maraqlarını təmsil etməklə, işləri bilavasitə həmin dövlətlərin patent idarələri ilə apara bilərlər. Həmçinin, bir dövlətin milli iddiaçılarına onun hüquqi aktları ilə müəyyən edilmiş qaydada qarşılıqlı prinsiplər əsasında hüquq verilir ki, mühafizə sənədlərinin alınması və onların qüvvədə saxlanması üçün işləri bilavasitə o biri dövlətin patent idarəsi ilə aparsınlar.
Patent almaq üçün bir dövlətin iddiaçısının iddia sənədinə dair milli ilkinliyin olması barədə həmin dövlətin patent idarəsinin təsdiq etdiyi məlumatlar olduğu təqdirdə digər dövlətin patent idarəsi tərəfindən qəbul ediləcəkdir.
Maddə 7
İddia sənədlərinin verilməsi, ekspertizası, mühafizə sənədinin alınması, onların qüvvədə saxlanması və sənaye mülkiyyətinin mühafizəsi ilə bağlı hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsinə görə rüsumların ödənilməsi, ödənişin aparıldığı gün ABŞ dollarının milli valyutada xxxx kursu üzrə, Azərbaycan Respublikasının və Gürcüstanın hüquqi aktlarında milli iddiaçılar üçün nəzərdə tutulan həcmdə ABŞ dolları ilə həyata keçirilir.
Maddə 8
Bu Sazişin həyata keçirilməsi gedişində Tərəflər bir-birinə bütün sənədləri rus dilində təqdim edirlər.
Maddə 9
Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr aparacaq və bu fikir ayrılığının tənzimlənməsi üçün lazımi səy göstərəcəklər.
Maddə 10
Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 11
Bu Sazişin həyata keçirilməsi üzrə məsul təşkilatlar aşağıdakı patent idarələridir:
• Azərbaycan Respublikasında — Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin patent-lisenziya idarəsi;
• Gürcüstanda — Gürcüstan Patent İdarəsi («Sakpatenti»).
Patent idarələrinin əməkdaşlıq qaydaları və şərtləri onlar arasında xüsusi sazişlərlə müəyyən ediləcəkdir.
Maddə 12
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirmələri barədə axırıncı yazılı xəbərdarlıq alınan tarixdən qüvvəyə minir və beş il
müddətində qüvvədə qalır. Əgər Tərəflərdən biri bu Sazişə xitam verməsi niyyəti barədə digər Tərəfə növbəti müddətin qurtarmasına ən azı altı ay qalmış yazılı xəbərdarlıq
etməzsə, onun müddəti avtomatik olaraq sonrakı beşillik dövrlərə uzadılacaqdır.
Bu Sazişə xitam verilməsi onun qüvvədə olduğu dövrdə hər iki dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin qüvvəsinə toxunmur.
Tbilisi şəhərində 1997-ci il dekabrın 27-də hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanıb, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin təfsiri məqsədilə rus dilində xxxx mətndən istifadə edilir.
Azərbaycan Respublikası Hökuməti adından Gürcüstan Hökuməti adından