AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2018-ci il
156
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi arasında elektron imza sahəsində əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi (bundan sonra “Tərəflər” adlandırılacaqdır),
elektron imza (bundan sonra “e-imza”) sahəsində inkişafın əhəmiyyətini qəbul edərək, Tərəflər arasında əməkdaşlıq münasibətlərinin gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlaşma Memorandumunun məqsədi
Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər arasında e-imza sahəsində məlumat və təcrübə mübadiləsinin təmin edilməsi və Tərəflərin e-imza sertifikatlarının qarşılıqlı tanınması üzrə birgə iş aparılmasıdır.
Maddə 2
Məsul qurumlar
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi məsul qurumlardır.
Maddə 3
Əməkdaşlığın əhatə dairəsi
Tərəflər ümumi maraq doğuran aşağıdakı sahələri müəyyən etdilər və bu sahələrdə əməkdaşlıq edə bilərlər:
1) Tərəflərin e-imza sertifikatlarının qarşılıqlı tanınması;
2) e-imza sahəsində milli qanunvericiliyin, qaydaların və standartların Avropa İttifaqında mövcud olanlara uyğunlaşdırılması ilə bağlı xxxxx və təcrübə mübadiləsinin həyata keçirilməsi.
Maddə 4
Əməkdaşlıq formaları
Tərəflər əməkdaşlıq formalarının həyata keçirilməsi məqsədilə aşağıdakılara dair razılığa gəldilər:
1) Tərəflər həm elektron rabitə, həm də qarşılıqlı səfərlər vasitəsilə e-imza ilə bağlı məlumat və vasitələr mübadiləsi aparırlar;
2) Tərəflər e-imzaların qarşılıqlı tanınması üzrə ölkələrindəki mövcud infrastruktur və qanunvericiliyi müəyyən edirlər. Tərəflər, təsbitlərə uyğun olaraq, qarşılıqlı tanınmanın və inteqrasiyanın təmin edilməsi məqsədilə öyrəniləcək texniki, inzibati və hüquqi aspektləri müəyyən edirlər;
3) e-imzaların qarşılıqlı tanınması metodu müəyyən edilərkən mümkün alternativ qlobal həll yolları nəzərə xxxxx;
4) e-imzaların qarşılıqlı tanınması üçün ümumi texniki meyarların müəyyənləşdirilməsi prosesində beynəlxalq səviyyədə qəbul edilmiş Avropa Telekommunikasiya Standartları İnstitutunun (ETSI), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU), İnternet Mühəndisliyi üzrə Xüsusi Komissiyanın Şərhlər Sorğusunun (IETF RFC) və Beynəlxalq Standartlaşdırma Təşkilatı/Beynəlxalq Elektrotexnika Komissiyasının (ISO/IEC) standartları əsas götürülür;
5) Tərəflər texniki meyarlar barədə razılaşarsa və uyğun hesab edilərsə, e-imza sertifikatlarının tanınması haqqında saziş imzalana bilər;
6) bu Anlaşma Memorandumunun əhatə etdiyi məsələlər üzrə təlim sorğusu olduğu halda, Tərəflər bir-birinə dəstək verə bilərlər.
Maddə 5
Maliyyə müddəaları
1) Bu Anlaşma Memorandumu çərçivəsindəki bütün əməkdaşlıq fəaliyyətləri Tərəflərin büdcəsi və digər resurslarının uyğunluğundan asılıdır.
2) Tərəflər arasında hər hansı bir yazılı razılaşmaya xələl gətirilmədən, bu Anlaşma Memorandumu və onunla bağlı hər hansı məsələnin həyata keçirilməsi üçün hər bir Tərəf öz uyğun maliyyə və digər resurslarından asılı olaraq, öz məsrəf və xərclərini ödəyir və öz resurslarını təmin edir.
Maddə 6
Məxfilik
Bu Anlaşma Memorandumunun icrası zamanı əldə edilmiş məlumatlar, məlumatı təmin edən Tərəfin əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə verilə bilməz. Bu maddə bu Anlaşma Memorandumu ləğv olunduğu təqdirdə belə, qüvvədə qalır.
Bu Anlaşma Memorandumu çərçivəsində dövlət sirri təşkil edən məlumatlar Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq mübadilə edilir.
Maddə 7
Digər beynəlxalq öhdəliklər
Bu Anlaşma Memorandumunun müddəaları Tərəflərin tərəf olduqları beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsini təşkil edir və bu Anlaşma Memorandumunun 10-cu maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Maddə 9
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun təfsiri və/və ya həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları Tərəflər arasında dostcasına qarşılıqlı məsləhətləşmələr və/və ya danışıqlar yolu ilə həll edilir.
Maddə 10
Qüvvəyəminmə, müddət və ləğvetmə
1) Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri xxxx müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdə qüvvəyə minir.
2) Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə məlumat vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik (5) müddətlərə uzadılır.
3) Bu Anlaşma Memorandumunun ləğv edilməsi onun qüvvədə olduğu müddət ərzində bağlanılmış və ya qüvvəyə minmiş hər hansı saziş və ya kontraktlara təsir etmir və qeyd olunan sazişlər və ya kontraktlar öz müddəalarına uyğun olaraq tətbiq edilə bilər.
Bu Anlaşma Memorandumu Ankara şəhərində, 25 aprel 2018-ci il tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir aynlığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətnə üstünlük verilir.